Prezidentliyinə namizəd Baydenin yaşını ələ salıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli seçki videosunda hazırkı prezident Co Baydeni tutduğu vəzifəyə görə "çox qoca" adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb. Nəşrin məlumatına görə Nikki Heyli həmçinin Konqresi də "ən eksklüziv qocalar evi" adlandırıb.

"Mən sadəcə bunu deyəcəyəm: Bayden çox qocalıb və Konqres Amerikanın ən eksklüziv qocalar evidir. Vaşinqton uğursuzluğa davam edir, çünki dünənki siyasətçilər bizi sabaha apara bilməzlər", deyə Nikki Heyli bildirib.

Siyasətçinin sözlərinə görə, ABŞ-da müddət məhdudiyyətləri tətbiq etmək, həmçinin siyasətçilərin əqli qabiliyyətləri ilə bağlı testlər aparmaq lazımdır.

"Biz yeni nəsil və yeni mühafizəkar prezidentlə keçmişin xaosu və dramını geridə qoymalıyıq", deyə Nikki Heyli əlavə edib.

Bu arada, Politico nəşrinin məlumatına görə, ictimai rəy sorğularından Nikki Heylinin dəstəyinin getdikcə artdığı müşahidə edilib. Belə ki, Nyu-Hempşir və Cənubi Karolina ştatlarında o, Respublikaçılar Partiyasında Donald Trampın əsas rəqibi sayılan Florida qubernatoru Ron DeSantisi qabaqlayıb. Ayova ştatında Nikki Heyli və Rona DeSantis bərabər şəkildə dəstəklənir. Bununla belə, hər iki namizəd populyarlıq baxımından Donald Trampdan geri qalır.

Poliqon.info