ABŞ Ukrayna və Qəzzadakı münaqişələrin qurbanları arasında fərq görür

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti Ukrayna və Qəzza zolağında münaqişənin qurbanları arasında fərq görür...

Poliqon xəbər verir ki, Kirbi bu barədə brifinqdə bildirib. Ağ Ev rəsmisinin sözlərinə görə, İsrail ordusunun “mülki insanları qəsdən öldürmək” məqsədi yoxdur.

Brifinq zamanı Kirbidən İsrailin beynəlxalq hüququ pozması ilə bağlı ABŞ-ın hansı dəlillərə ehtiyacı olduğu soruşulub. Ona xatırladılıb ki, Ukraynada münaqişə başlayanda Amerika hakimiyyəti Rusiyanı beynəlxalq hüququn pozulmasında çox açıq şəkildə ittiham edirdi, lakin indi eyni münasibət İsrailə qarşı sərgilənmir.

“İsraillilər Qəzzalı mülki şəxslərin öldürülməsini, işgəncə və təcavüzünü müharibənin məqsədi hesab etmirlər. Bu onların planı deyil. Onlar mülki insanları qəsdən öldürməyə çalışmırlar”, deyə Con Kirbi suala cavab verib.

ABŞ administrasiyasının nümayəndəsi də Rusiyanın Ukraynadakı hərəkətləri ilə İsrailin Qəzzadakı hərəkətlərinin müqayisəsini uğursuz hesab edib. O əmin edib ki, Birləşmiş Ştatlar İsrail hakimiyyətini “mülki itkilərin minimuma endirilməsinə gəldikdə mümkün qədər diqqətli olmağa” çağırır.

“İndi insanlar ölür, insanlar yaralanır. Biz bunu etiraf edirik. Lakin Qəzzada baş verənlər İsrailin hərbi məqsədlərinin bir hissəsi deyil”, deyə Kirbi vurğulayıb.

Poliqon.info