Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini nə vaxt təsdiq edəcəyi məlum olub

Avropa İttifaqı bu həftə Rusiyaya qarşı sanksiyaların 12-ci paketinin təsdiqini başa çatdıracaq...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti diplomatlara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketi Avstriya etirazlarını geri götürdükdən sonra bu həftə qəbul edilməlidir. Lakin bəzi ölkələr və sənaye qrupları onun tədbirlərinin hələ də kifayət qədər sərt olmadığını deyir.

TASS Agentliyi Brüsseldəki diplomatik mənbəyə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası bazar ertəsi yazılı prosedura əsasən, 12-ci anti-Rusiya sanksiyalar paketini təsdiq edəcək.

“Avropa İttifaqının 26 ölkəsi artıq 12-ci sanksiyalar paketinin müddəalarını təsdiqləyib və bazar ertəsi Avstriyanın imzalanmış mövqeyinin Aİ Şurasına ötürülməsi gözlənilir. Paketin dərci (rəsmi olaraq qüvvəyə mindiyi andan) bu axşam və ya çərşənbə axşamı mümkündür”, deyə mənbə bildirib.

Qeyd olunur ki, 12-ci sanksiya paketinə Rusiya zərgərlik brilyantlarının Aİ-yə idxalına qadağa da daxildir.

Poliqon.info