Tramp və Respublikaçılar Ukraynaya yardımı gecikdirir

ABŞ Konqresində respublikaçılar arasında dərin fikir ayrılıqları, eləcə də keçmiş prezident Donald Trampın respublikaçı siyasətçilərə təsir imkanları Vaşinqtonun Ukraynaya yardımını gecikdirən əsas səbəblər olub...

Poliqon xəbər verir ki, bu barədə TheWashington Post qəzetinin köşə yazarı Eugene Dionne nəşrin saytında dərc olunan məqaləsində yazır.

“Demokratlar arasında immiqrasiya və Co Baydenin danışıqlardakı mövqeyi ilə bağlı fikir ayrılıqları Ukrayna üçün razılaşmanın bu qədər çətin olmasının əsas səbəbi deyil. Çətinliklərin əsasında respublikaçılar arasında dərin fikir ayrılıqları, onların partiyasında güc balansının dəyişməsi və Trampın respublikaçı siyasətçiləri öz iradəsinə boyun əydirmək bacarığı dayanır”, deyə müəllif qeyd edir.

Müəllifin fikrincə, Kiyevə yardım göstərilməsi ilə bağlı hazırkı vəziyyət fonunda Tramp üçün ən yaxşı nəticə Ukraynanı kənarda qoymaq və Baydeni sərhəd məsələləri ilə məşğul olmamaqda ittiham etmək olardı.

Qeyd edək ki, Co Bayden hökuməti Ukrayna, İsrail və Tayvan üçün 106 milyard dollarlıq yardım paketini Senata təqdim edib. Lakin uzun müddətdir ki, respublikaçılarla demokratlar bu məsələdə anlaşa bilmir. 106 milyard dolların təxminən 60 milyardı Ukrayna üçün nəzərdə tutulub. Ötən həftə Pentaqon bildirib ki, Kiyevə yardım üçün iki-üç həftəlik büdcə qalıb.

Poliqon.info