Şəhid Vüsal Kazımova həsr olunmuş Region birinciliyi keçirildi

Vətən müharibəsi şəhidi baş leytenant Vüsal Kazımovun doğum gününə həsr olunmuş boks idman növü üzrə ənənəvi III Region birinciliyi keçirildi.

15-16 dekabr 2023-cü il tarixdə Lənkəran Olimpiya İdman Kompleksidə Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi Vüsal Kazımovun xatirəsinə həsr olunan boks idman növü üzrə IIl Lənkəran - Astara Region birinciliyi keçirilmişdir.

Şəhidlərimizin əbədi yaşar xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra tədbirdə Dövlət Himni ifa səsləndirilmişdir.

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Zəfər şəhidi baş leytenant Vüsal Kazımovun atası Lənkəran Dövlət Universitetinin prorektoru professor Kamran Kazımov şəhidlərimizin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqların gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının əbədiləşdirilməsi, onların xatirəsinin əziz tutulması və şəhid ailələrinə olan diqqət və qayğısını xatırladıblar. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atan, Torpağı Vətən edən şəhidlərimizin xatirəsini ucatutmaq, onları daima yad etmək hər bir vətəndaşımızın borcu olduğu bildirərək, yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Baş hakimi Nazim Qulamov yarışa start vermiş, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan 56 idmançı mübarizə aparmış və müxtəlif çəki üzrə yer tutmuş idmançılar diplom və medallarla təltif edilmişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin məzunu olan Vüsal Kazımov şəhidlik zirvəsinə ucaldığı günədək Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Onu da vurğulayaq ki, bu gün (17 dekabr) şəhid Vüsal Kazımovun doğum günüdür.O Vətən müharibəsinə yollananda yeni doğulan Aynurun indi 3 yaşı var, böyük qızı Nuray isə 9 yaşındadır.

Poliqon.info