BMT: Sudanda müharibə 7 milyon insanı evlərini tərk etməyə məcbur edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi bildirib ki, Sudanda davam edən müharibə 7 milyon insanı evlərini tərk etməyə məcbur edib...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Qrandi sosial media platforması X-də Sudandakı vətəndaş müharibəsi səbəbiylə məcburi köçkünlərlə bağlı paylaşım edib.

Poliqon xəbər verir ki, Sudandakı müharibənin 7 milyon insanı evlərini tərk etməyə məcbur etdiyini bildirən BMT rəsmisi "7 milyon qaçqın və köçkün. Dünya buna biganə qalır", deyib.

Sudanda tərəflər ölkənin qərb və cənub-qərbində yerləşən 9 ştatda, eləcə də paytaxt Xartumda ağır silahlarla qarşıdurmanı davam etdirir. Sudan hökumətinin beynəlxalq ictimaiyyəti "terror qruplaşması" kimi qəbul etməyə çağırdığı Sürətli Dəstək Qüvvələri (HDK) 15 apreldə başlayan vətəndaş müharibəsindən əvvəl sistemə inteqrasiyası hələ tamamlanmamış hərbi qüvvə idi. Ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 10 mindən çox dinc sakin həyatını itirib, minlərlə insan yaralanıb.

Beynəlxalq atəşkəs və danışıqlar cəhdləri indiyədək tərəflərin qarşılıqlı pozuntu ittihamları və irəli sürülən şərtlərlə razılaşa bilməmələri səbəbindən uğursuzluğa düçar olub. Tərəflər sülh danışıqları çərçivəsində noyabrın 7-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gəlib.

Səudiyyə Ərəbistanı, ABŞ və Şərqi Afrikadakı Hökumətlərarası İnkişaf Təşkilatının rəhbərlik etdiyi danışıqlarda tərəflər humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və etimadın möhkəmləndirilməsi tədbirlərini həyata keçirmək üçün addımlar atmağı öhdələrinə götürüblər.

Poliqon.info