Qırmızı dənizdə Honq-Konqun yük gəmisinə hücum edilib

Honq-Konq bayrağı altında üzən yük gəmisi “Maersk Gibraltar” Qırmızı dənizdə hücuma məruz qalıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qeyd olunur ki, Yəmənin husilərin nəzarətində olan bölgəsindən Bab əl-Məndəb boğazının şimalındakı beynəlxalq gəmiçilik marşrutu istiqamətində ballistik raket atılıb.

Bundan əvvəl Pentaqonun Mərkəzi Komandanlığı Qırmızı dənizdə üç ticarət gəmisinin cəmi bir gündə dörd dəfə hücuma məruz qaldığını bildirmişdi. Hücumların Yəməndən olan husilər tərəfindən həyata keçirildiyi qeyd edilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Carney” esminesi hücumlara cavab verib.

CENTCOM-un X sosial media hesabında dərc olunan bəyanatında deyilir: “Bu insidentdə heç bir ABŞ qüvvələri iştirak etməsə də, biz vəziyyəti diqqətlə izləməyə davam edirik. Bu hücumlar beynəlxalq dəniz təhlükəsizliyini təhdid etməkdə davam edir”.

Komandanlıq əlavə edib ki, insident nəticəsində tələfat və dağıntı yoxdur.

Poliqon.info