Prezidentliyə namizəd Ukraynanın şərq hissəsini Rusiyaya verməyi təklif edir

ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami deyib ki, o, Kiyevə hərbi dəstəyi Ukraynadakı münaqişənin həlli üçün effektiv yol hesab etmir...

Poliqon xəbər verir ki, prezidentliyə namizəd Ayova ştatında seçicilərlə görüşü zamanı alternativ variant səsləndirib.

"Məncə, həll daha çox pul göndərmək deyil, diplomatiyadır", deyə Ramasvami bildirib.

Onun sözlərinə görə, o, ABŞ-ın Kiyevə 60 milyard dollar həcmində növbəti tranş göndərməklə nəyəsə nail olacağına şübhə edənləri yaxşı başa düşür. Respublikaçı hesab edir ki, ABŞ NATO-nun Rusiya sərhədinə yaxınlaşmamaq vədini yadda saxlamalıdır. Bundan əlavə, siyasətçi prezident kimi Rusiyanın Çinlə müttəfiqlikdən imtinası müqabilində Ukraynanın Şimali Atlantika Alyansına daxil olmamasına zəmanət verəcəyini vəd edib.

Ramasvami çıxışında qeyd edib ki, Ukraynaya ayrılan pullar Amerika sərhədlərini qeyri-qanuni miqrantlardan qorumaq üçün xərclənməlidir.

Prezidentliyə namizəd həmçinin deyib ki, münaqişənin həlli Ukraynadan ölkənin şərq hissələrini verməsini tələb edəcək.

"Mən şərq regionlarına bəzi güzəştlərlə Ukraynanın suverenliyinin qorunub saxlanmasını nəzərdə tutan ağlabatan saziş təklif edirəm", deyə siyasətçi qeyd edib.

O, bu ərazilərdə rusdilli əhalinin məskunlaşdığına diqqət çəkib. Ramasvami həmçinin Vaşinqtonun Ukraynanın NATO-ya üzv olmayacağına dair vədinin vacibliyini vurğulayıb. Siyasətçinin fikrincə, Ukraynadakı münaqişə III Dünya müharibəsi riskini artırır.

Poliqon.info