Niderlandda keçirilən seçkilərin qalibi Vilders Kiyevə yardımın azaldılmasını istəyib

Niderlandda ifrat sağçı siyasətçi Qert Vilders hesab edir ki, Ukraynaya hərbi dəstəyi azaltmaq lazımdır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Qert Vildersin rəhbərlik etdiyi “Azadlıq” Partiyası son parlament seçkilərində qalib gəlib, lakin Qert Vildersin rəhbərliyi ilə hakim koalisiyanın yaradılması hələ də şübhə altındadır.

“Biz hesab edirik ki, öz ölkəmizi müdafiə edə bilməyincə Ukraynaya hərbi dəstək verməməliyik”, deyə Vilders parlamentdə müzakirələr zamanı deyib.

Xəbərdə qeyd edilir ki, “Azadlıq” Partiyasının potensial koalisiya tərəfdaşları olan “Yeni Sosial Müqavilə” və “Fermer-Vətəndaş Hərəkatı” görüşdə Ukraynanın Avropa İttifaqına üzvlüyü və əlavə maliyyə dəstəyi məsələsi ilə bağlı şübhələrini bildiriblər.

Bloomberg qeyd edib ki, Niderland Rusiya ilə münaqişədə Ukraynanın əsas müttəfiqidir. Amsterdam Kiyevi hava hücumundan müdafiə avadanlığı ilə təmin edib və ukraynalı pilotlara F-16-nı idarə etməyə öyrətmək təşəbbüsünə dəstək verir.

Poliqon.info