İsrailin Qəzzaya atdığı hərbi sursatların 45%-i idarə edilməyən olub

İsrailin Qəzza zolağına atdığı sursatların demək olar ki, yarısı idarə olunmayan bombalardır...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata gğrə, İsrailin oktyabrın 7-dən HƏMAS-a qarşı apardığı müharibədə Qəzza zolağında istifadə etdiyi hava-yer sursatlarının demək olar ki, yarısı idarə olunmayan, başqa cür desək, “küt bombalar” və ya sərbəst düşən bombalardır. Bu barədə Amerika kəşfiyyatı müvafiq qiymət verib.

Hesabatı Milli Kəşfiyyat Direktorunun Ofisi hazırlayıb. Sənədi araşdıran üç mənbə onun məzmunu barədə CNN-ə məlumat verib.

Hesabatda qeyd olunur ki, İsrailin istifadə etdiyi 29 min hava-yer sursatının təxminən 40-45%-i idarə olunmamış olub. Qalanları dəqiq idarə olunan sursatlardır.

Xatırladaq ki, idarə olunmayan döyüş sursatları daha az dəqiq olur və mülki əhali üçün, xüsusən də Qəzza zolağı kimi əhalinin sıx məskunlaşdığı ərazidə daha böyük təhlükə yarada bilər. CNN qeyd edir ki, İsrailin idarə olunmayan bombalardan istifadə sürəti mülki əhalinin sayının artmasına səbəb ola bilər.

Bu barədə şərhi istənən İDF sözçüsü Nir Dinar CNN-ə deyib: “İstifadə olunan sursatın növünü müzakirə etmirik”.

Qeyd edək ki, HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi bölgədə İsrailin zərbələri nəticəsində ölənlərin sayını 18,6 min nəfər hesab edir. Əlavə 50 594 fələstinlinin yaralandığı bildirilir.

Dekabrın 13-də BMT Qəzza zolağında bütün binaların 18%-nin, yəni 10 mindən çox binanın dağıdıldığını bildirib. Qiymətləndirmə peyk görüntüləri əsasında aparılıb.

Poliqon.info