Natiq Miri: Sülh müqaviləsinin imzalanması üçün hüquqi və siyasi şərait yoxdur...

Prezident İlham Əliyev Ermənistanın müstəqiilik deklarasiyasında və konstitutsiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı müddəların olduğunu xatırladıb...

Politoloq: “Baxmayaraq Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalaması ilə bağlı müsbət fikirlər səsləndirilir, ancaq reallıqda görünür ki, sülh müqaviləsinin imzalanması üçün hüquqi və siyasi şərait yoxdur”.

“May ayında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı ictimai rəyə atılan fikir mövcuddur. Əgər həqiqətən də bu fikir sadəcə olaraq ictimai rəyi yoxlamaq xarakteri deyilsə, onda parlament seçkiləri zamanı konstitutsiyaya dəyişikliklər edilməsi ilə bağlı konkret suallar ortaya qoyula bilər ki, bununla da bu məsələ həll oluna bilər”.

Bu sözləri politoloq Natiq Miri Qarabağın Ermənistana aid olması ilə bağlı müddəları Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Azərbaycana qarantiya lazımdır. Prezident Ermənistanın müstəqiilik deklarasiyasında və konstitutsiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı müddəların olduğunu xatırladaraq bildirib ki, bu vəziyyətdə sülh sazişinin imzalanması mümkün deyil. Hər şeydən əvvəl Azərbaycan Ermənistanda revanşizmin olmayacağı ilə bağlı təminat verməlidir. İlham Əliyev bildirib ki, Paşinyan bu gün var, sabah olmayacaq və onun yerinə gələn şəxs yenidən Azərbaycana qarşı ərazi iddiası qaldıra bilər və bu yeni müharibəyə səbəb olacaq.

İlham Əliyevin bu bəyanatı nədən xəbər verir? Sülh sazişinin imzalanmasına qədər Ermənistanın müstəqiilik deklarasiyasında və konstitutsiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı müddəlar ortadan qaldırıla bilərmi və bu halda sülh sazişinin imzalanması nə qədər yubana bilər? Ümumiyyətlə, sülh sazişi üçün ortada olan bu maneə Paşinyan tərəfindən ortadan qaldırıla bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddialarından imtina olunması erməni ictimai rəyində müsbət qəbul olunmaya bilər. Buna görə bu problematik məsələdir”.

Məsələnin hüquqi tərəfinin bu gün Azərbaycan üçün böyük problemlər daşıdığını vurğulayan politoloq Poliqon-a bildirib ki, bu Ermənistan hökumətinə növbəti dəfə zaman qazansına bəhanə qazandırır:

“Belə bir müddəa təkcə müstəqiilik deklarasiyasında deyil, eyni zamanda 1991-ci il Almata bəyannaməsində də yer alıb. Bildiyimiz kimi, bubgün sülh müqaviləsinin mətni ilə bağlı layihədə Ermənistan qarşılıqlı ərazi bütövlüyü çərçivəsində sərhədlərin müəyyənləşməsi məsələsini də məhz 1991-ci il Almata bəyannaməsinə uyğun olaraq götürülməsini tələb edir. 1991-ci il Almata bəyannaməsini Ermənistan əlavələrlə imzalayıb. Bu əlavələrdə birmənalı olaraq göstərilir ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir. Yəni Azərbaycanın 1991-ci il Almata bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün tanınması Qarabağa aid edilmir. Əgər məhz Almata bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünü təsdiq ediriksə, bu sənəd ləğv olunmadan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması anlamına gəlməyəcək.

Eyni zamanda müstəqilik sənədi bir komisyon sənəddir. Bu sənədin ləğv olunması məsələsi növbəti bir referendumun keçirilməsi ilə mümkün ola bilər. Çünki təkcə Qarabağla bağlı ərazi iddiası həmin sənəddə yer almır, bildiyimiz kimi, konstitutsiyasında qardaş Türkiyənin ərazilərinə də torpaq iddiaları mövcuddur. Bütün bunları aradan qaldırmaq üçün Ermənistanın növbəti referenduma gedərək, konstitutsiyasında dəyişikliklər etməyə ehtiyacı var. Problem buradadır. Yaxın zaman çərçivəsində bunun həll edilməsi, referendumun çağırılması bir az müşkül məsələ kimi görsənir.

Natiq Miri: “Təkcə Qarabağla bağlı ərazi iddiası həmin sənəddə yer almır, bildiyimiz kimi, konstitutsiyasında qardaş Türkiyənin ərazilərinə də torpaq iddiaları mövcuddur”.

Paralel olaraq may ayında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı ictimai rəyə atılan fikir mövcuddur. Əgər həqiqətən də bu fikir sadəcə olaraq ictimai rəyi yoxlamaq xarakteri deyilsə, onda parlament seçkiləri zamanı konstitutsiyaya dəyişikliklər edilməsi ilə bağlı konkret suallar ortaya qoyula bilər ki, bununla da bu məsələ həll oluna bilər. Amma bu Ermənistan ictimaiyyəti üçün o qədər də populyar bir mövzu deyil. Çünki həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddialarından imtina olunması erməni ictimai rəyində müsbət qəbul olunmaya bilər. Buna görə bu problematik məsələdir.

Bu da onu göstərir ki, baxmayaraq Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalaması ilə bağlı müsbət fikirlər səsləndirilir, ancaq reallıqda görsənir ki, sülh müqaviləsinin imzalanması üçün hüquqi və siyasi şərait yoxdur. Məsələnin hüquqi tərəfi bu gün Azərbaycan üçün böyük problemlər daşıyır. Bu Ermənistana bəhanələr verir ki, Ermənistan hökuməti növbəti dəfə zaman qazansın. Bu da sülh müqaviləsinin imzalanmasına kölgə salan növbəti məsələdir”.

Nərminə UMUDLU Poliqon.info