İsrail Qəzza zolağının altındakı tunelləri suyla doldurmağa başlayıb

İsrail ordusu Qəzza zolağının altındakı HƏMAS tunellərinə su vurmağa başlayıb...

Poliqon xəbər verir ki, İsrailin tunelləri su vurmağa başladığını The Wall Street Journal nəşri İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyatları haqqında məlumatlı olan Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Aralıq dənizindən gətirilən su ilə tunelləri doldurmaq cəhdi İsrailin tunelləri məhv etmək üçün istifadə etdiyi bir neçə üsuldan biridir. Qəzetin mənbələri əməliyyatın bir neçə həftə çəkəcəyini bildirib.

Bununla belə, ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi rəsmiləri dəniz suyundan istifadənin səmərəsiz ola biləcəyindən və anklavda şirin su təchizatını təhlükə altına sala biləcəyindən narahatdırlar.

İsrailin müdafiə nazirinin sözçüsü tuneldəki əməliyyatların məxfi olduğunu söyləyərək şərh verməkdən imtina edib.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant HƏMAS-ın dağılmaq ərəfəsində olduğunu bildirmişdi. O, əlavə edib ki, İDF Qəzza zolağının şimalındakı əməliyyatda dönüş nöqtəsinə yaxınlaşır. Nazir bildirib ki, İsrail hərbçiləri anklavın şimalında hərəkatın son qalalarına nəzarəti ələ keçirir.

Poliqon.info