BMT 2024-cü il üçün 46,4 milyard dollar istəyir

BMT 2024-cü ildə 72 ölkədə humanitar əməliyyatlar üçün 46,4 milyard dollar istəyir...

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) bəyanatında deyilir.

"Dünyadakı 1900-dən çox humanitar tərəfdaş adından BMT bu gün 2024-cü il üçün qlobal çağırışa başlayıb və bu çağırış 180,5 milyon insana həyati xilasetmə yardımı və müdafiənin təmin edilməsi üçün 46,4 milyard dollar tələb edir", deyə sənəddə qeyd edilir.

Bildirilir ki, bu yardım aclıq, silahlı münaqişələr, iqlim fövqəladə halları, iqtisadi çöküş, epidemiyalar və kütləvi köçkünlükdən əziyyət çəkən 72 ölkənin sakinləri üçün nəzərdə tutulub.

"2023-cü ilə olan məlumata görə, hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır və ya ondan qaçıb. Təxminən 258 milyon insan kəskin aclıqdan əziyyət çəkir. Dünyada hər 73 nəfərdən biri məcburi köçkündür - bu, 10 il əvvəlki rəqəmdən iki dəfə çoxdur. Epidemiyalar isə dünyanın hər yerində ölümlə nəticələnir", deyə məlumatda bildirilir.

BMT təəssüflə qeyd edir ki, 2023-cü ildə humanitar əməliyyatların maliyyələşdirilməsinə cəmi 20 milyard dollar ayrılıb, amma bu, ehtiyacların yalnız 1/3-ni təşkil edir. 2023-cü il üçün 56 milyard dollardan çox vəsait tələb olunub.

Poliqon.info