Ermənistan aviasiyası kadr probleminə görə EASA-nın qara siyahısından çıxa bilmir

Ermənistan Mülki Aviasiya Komitəsinin Avropa Təhlükəsizliyi Agentliyinin (EASA) qara siyahısından çıxarılması ixtisaslı kadr çatışmazlığı səbəbindən xeyli çətinləşib...

Poliqon xəbər verir ki, bunu "Sputnik Ermənistan" portalına müsahibəsində Ermənistan Baş nazirinin aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çaqaryan bildirib.

Oktyabrın 31-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Milli Assambleyanın 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında deyib ki, hökumətin prioriteti "qara siyahı"dan çıxmaq olaraq qalır. O bildirib ki, qeydə alınan 41 qanun pozuntusundan 30-u artıq aradan qaldırılıb.

Akop Çaqaryanın sözlərinə görə, mülki aviasiya sektorunun səmərəli idarə olunması üçün Mülki Aviasiya Komitəsində aviasiya sahəsində ixtisaslaşmış ən azı 27 ixtisaslaşdırılmış işçi olmalıdır. Eyni zamanda qeyd edib ki, Mülki Aviasiya Komitəsində mühasibatlıq, ümumi şöbə və s. nəzərə alınmaqla daha çox işçi fəaliyyət göstərməlidir. Lakin bu halda o, mülki aviasiyanı tənzimləyən və birbaşa uçuşlarla bağlı olan əsas sahələrdən danışır. Bunlar uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi, təyyarələrin uçuşa yararlılığının sertifikatlaşdırılması, hava limanlarının və naviqasiya sistemlərinin idarə edilməsidir. Bununla yanaşı ekspert vurğulayıb ki, aviasiya orqanlarının hələ də idarə etməli olduğu bir çox sahələr var - eko-nəzarət, sərnişinlərin hüquqlarının müdafiəsi və s.

Akop Çaqaryan qeyd edib ki, Tatevik Revazyanın rəhbərliyi dövründə bir çox əsas işçilər Mülki Aviasiya Komitəsini tərk ediblər. Çoxlu sayda yüksək ixtisaslı mütəxəssislər özəl sektora keçib:

"O vaxta qədər onlar hələ də nəyəsə inanırdılar, aşağı maaşla işləməyə davam edirdilər, çünki ən azından onlara qarşı insanpərvər davranırdılar. Və nə üçün işlədiklərini bilirdilər. 27 yüksək ixtisaslı mütəxəssisdən 15-i aviasiya tənzimləyicisini tərk edib. Bundan əlavə faktdır ki, onların heç bir perspektivi yox idi, həm də özlərinə hörmət görmürdülər".

O, qanunların daim dəyişdiyinə və yenilənmiş sənədlərin tələblərinə cavab vermək üçün mütəxəssislərin daim yenidən hazırlıq keçməli olduğuna diqqət çəkir ki, bu da çoxlu səy və pul tələb edir.

Poliqon.info