ABŞ hakimiyyəti Ukraynaya kömək üçün respublikaçılara güzəştə gedə bilər

ABŞ administrasiyası miqrasiya siyasətində güzəştə gedə bilər ki, respublikaçı konqresmenlər Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlsinlər...

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi mənbəyə istinadən məlumat yayıb. Xəbərdə qeyd edilir ki, Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası dekabrın 14-dək işləyir və razılaşma əldə etmək üçün çox az vaxt qalır.

Agentliyin məlumatına görə, nəzərdən keçirilən güzəştlərə aşağıdakılar daxildir:

Sığınacaq alanlar üçün yoxlama standartlarının sərtləşdirilməsi;Birləşmiş Ştatlarda sürətləndirilmiş deportasiya prosedurunun genişləndirilməsi (hazırda o, yalnız sərhəddə fəaliyyət göstərir);ABŞ-a gedərkən üçüncü ölkələrdən keçən ərizəçilərə sığınacaq verilməsinin rədd edilməsi.

Reuters yazır ki, həmçinin, razılığa gəlməyə çalışan hər iki partiyanın senatorları sığınacaq üçün müraciətlərin sayına kəmiyyət məhdudiyyətinin tətbiqini müzakirə edirlər. Lakin prezident Co Baydenin bu fikirlə bağlı mövqeyi aydın deyil.

Xatırladaq ki, Meksika ilə sərhəddə immiqrasiya siyasətini sərtləşdirmək üçün yardım paketinə düzəlişlərin edilməsində israr edən Respublikaçılar Partiyasının üzvləri səbəbindən Ukraynaya yardımın maliyyələşdirilməsi razılaşdırıla bilmir. Əgər onlar öz mövqelərini dəyişməsələr, Vaşinqton Kiyevə yardımın davam etdirilməsinə zəmanət verə bilməyəcək. Bu barədə Ağ Ev xəbərdarlıq edib.

Poliqon.info