Yunanıstan-Türkiyə münasibətləri yüksəlişə keçir...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstan tərəfinin dəvəti ilə Afinaya gəlib...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatında bildirilir. Bu 70 ildən sonra Türkiyə liderinin Yunanıstana ilk səfəridir.

Ərdoğanı hava limanında Yunanıstanın xarici işlər naziri Yorqos Erapetriti qarşılayıb. Yunanıstan tərəfdən Türkiyə prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 mindən çox polis cəlb olunub.

Türkiyə prezidenti artıq Yunanıstan prezidenti və Baş naziri ilə görüşüb. Türkiyənin dövlət başçısı kifayət qədər böyük heyətlə Yunanıstana gəlib və Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.

“Yeni Şafak” qeyd edir ki, Türkiyə və Yunanıstan aralarındakı gərginliyi azaltmağı və ticarət əlaqələrini gücləndirməyi planlaşdırır.

Qeyd edilir ki, Yunanıstanla Türkiyə arasında ticarət dövriyyəsi hazırda 5,5 milyard dollar təşkil edir. Dövlətlər arasında münasibətlərdəki bütün gərginliyə baxmayaraq, ticarət dövriyyəsi həmişə artıb. 20 il ərzində ticarət dövriyyəsi on dəfə artıb. İndi tərəflər bu həcmi qısa müddətdə 10 milyard dollara çatdırmağı planlaşdırırlar.

Poliqon.info