İsrail ordusu iki ay ərzində 5 minə yaxın HƏMAS yaraqlısını öldürüb

Oktyabrın 7-də müharibə başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) ən azı 5 min Fələstinli Həmas yaraqlısını öldürüb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti İsrail kəşfiyyatı arasında olan mənbələrə istinadən məlumat yayıb. Eyni dövrdə İsrail ordusunun itkiləri rəsmi rəqəmlərə görə 410 nəfər olub.

Qəzetin yazdığına görə, çoxsaylı itkilərə baxmayaraq, “İzaddin əl-Qəssam Briqadası” qruplaşmasının döyüş qanadının böyük hissəsi toxunulmaz qalıb. Döyüş qanadındakı yaraqlıların sayının 30 min nəfər olduğu təxmin edilir.

WP yazır ki, İsrail tərəfinin iddialarına baxmayaraq, öldürülən yaraqlıların dəqiq sayını hesablamaq mümkün deyil. Çünki onların çoxu Qəzza zolağının yeraltı tunellərində həlak olub. İsrail ordusunun qiymətləndirməsi isə məlumatların ələ keçirilməsinə əsaslanır. Nəşrin yazdığına görə, HƏMAS onlara qoşulanların axınının davam etməsi səbəbindən itkilərini ödəyə bilər.

Nəşr qeyd edir ki, İsraillə HƏMAS arasında müharibə bitmək üzrə deyil, çünki İsrail quru qüvvələri hələ də Qəzza zolağında HƏMAS-ın bir sıra dayaq məntəqələrini ələ keçirməlidir. Nəşrin yazdığına görə, beynəlxalq təzyiqlərə görə İDF fərqli taktikalara keçə və bombardman etmək əvəzinə, onların arxa cəbhəsində olan yaraqlılara qarşı reydlər keçirə bilər.

Qeyd edək ki, dekabrın 5-də İDF qoşunları Qəzzanın cənubundakı ən böyük şəhərin mərkəzi olan Xan Yunis şəhərinə çatıb. Həmin gün ordu rəhbərliyi HƏMAS-a qarşı əməliyyatın üçüncü mərhələsinin başlandığını elan edib.

Poliqon.info