Aİ Rusiyanın aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsinə qarşı çıxıb

Bəzi Avropa İttifaqı ölkələri İspaniyanın Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kömək etmək üçün istifadə etmək təklifini dəstəkləməyib...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu il Avropa İttifaqı Şurasına sədrlik edən İspaniyadan gələn təklif Aİ nümayəndələrinin görüşü zamanı nəzərdən keçirilib. İspaniya hakimiyyətinin fikrincə, Rusiya Mərkəzi Bankının ehtiyatlarından əldə olunan mənfəət 2027-ci ilə qədər 15-17 milyard avroya qədər arta bilər.

Bir sıra ölkələr bildiriblər ki, Madridin təklifi Aİ-nin Ukraynaya dəstək prioritetinə cavab vermir, çünki Kiyevə pulu almaq üçün bir neçə ay və ya il lazım olacaq. Məqalədə deyilir ki, eyni zamanda İspaniya tərəfinə belə mənfəət rəqəmlərinin haradan götürülməsinin aydın olmadığı bildirilib.

Bəzi diplomatlar İspaniyanın layihəsinin Avropa İttifaqındakı əhval-ruhiyyəni bilmədən hazırlandığı qənaətindədirlər. Digər diplomatlar hesab edir ki, krallıq bu yolla Ukrayna üçün vəsaitin başqa sahələrə yönəldilməsinə nail olmaq niyyətində olub.

Poliqon.info