Boris Conson peyvəndlərə görə Niderlandda hərbi müdaxilə etmək istəyirmiş

Böyük Britaniya hökumətinin keçmiş rəhbəri Boris Conson təhlükəsizlik xidmətlərindən pandemiya zamanı Avropa İttifaqının Britaniya üçün nəzərdə tutulan milyonlarla dozanı bloklamasından sonra Niderlanddakı COVID-19 peyvəndi fabrikinə basqın planları hazırlamağı xahiş edib.

Poliqon xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Diplomatik mənbələr keçmiş baş nazirin 2021-ci ilin martında - pandemiyanın pik vaxtında Avropa İttifaqının beş milyon doza "AstraZeneca" ixracını effektiv şəkildə əngəlləməsindən sonra qəzəbləndiyini deyib.

Həmin vaxt Voris Conson təhlükəsizlik xidmətlərindən Niderlandın Leyden şəhərindəki zavoddan dozaların alınması üçün hərbi variantları araşdırmağı xahiş edib. Baş nazir Conson Avropa İttifaqının siyasi intriqa naminə britaniyalıların həyatını riskə atması və diqqəti öz səhvlərindən yayındıran hərəkətlərinə qəzəblənib. Hökumət başçısı cavab tədbirlərinin bütün variantlarını nəzərdən keçirməyi tapşırıb. Xüsusilə, kəşfiyyat xidmətləri Niderlanddan vaksinlərin zorla çıxarılması və Böyük Britaniyaya çatdırılması imkanlarını öyrənməli idi.

"Həmin vaxt Conson birbaşa peyvənd problemini həll etmək üçün hərbi seçimlər haqqında soruşdu", deyə mənbə bildirib.

İdeya yalnız diplomatlar bunun münasibətləri pozacağı və Aİ-nin başqa yerlərindəki zavodlardan peyvəndlərin tədarükünü təhlükə altına atacağı barədə xəbərdarlıq etdikdən sonra aradan qaldırılıb.

Boris Consonun nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edib.

Poliqon.info