Qətər: İsrailin Qəzzaya hücumları vasitəçilik səylərini çətinləşdirir

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrailin humanitar fasilədən sonra blokada altındakı Qəzza zolağına hücumlarını davam etdirməsinin vasitəçilik səylərini çətinləşdirdiyini bildirib...

Poliqon xəbər verir ki, nazir Əl Tani amerikalı həmkarı Entoni Blinken ilə telefon danışığı aparıb.

İsrailin blokadası altında olan Qəzza zolağı və hücumları başda olmaqla Fələstin torpaqlarında baş verən hadisələrin müzakirə edildiyi görüşdə gərginliyin azaldılması və atəşkəs imkanları da müzakirə olunub.

Qətər xarici işlər naziri Qəzzada yeni bir humanitar fasilə üçün tərəfdaşları ilə vasitəçilik səylərini davam etdirdiklərini vurğulayaraq, "İsrailin Qəzzaya hücumları vasitəçilik səylərini çətinləşdirir və bölgədəki humanitar fəlakəti dərinləşdirir", deyib.

Günahsız insanların, xüsusilə qadın və uşaqların öldürülməsinin, kollektiv cəzanın qəbuledilməz olduğuna diqqət çəkən Əl Tani, İsrailin bombardmanları altında olan fələstinlilərə humanitar yardımın çatdırılması üçün Qəzzaya təhlükəsiz humanitar dəhlizlərin açılmasının lazım olduğunu xatırladıb.

Qeyd edək ki, Qəzza hökumətinin məlumatına görə, oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 15523 nəfərə çatıb. Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 254 fələstinli həyatını itirib.

İsrail və HƏMAS arasındakı qarşıdurmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 noyabrdə qüvvəyə minib və daha sonra 3 gün uzadılıb. Əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində Qəzza zolağından 81 israilli və 240 fələstinli azad edilib.

İsrail ordusu dekabrın 1-də humanitar fasilə başa çatdıqdan dərhal sonra Qəzza zolağına hücumlarını bərpa edib.​Poliqon.info