Elmar Məmmədyarov: “Əgər şəffaflıq olarsa,...”

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurasında çıxış edib
Çıxışdan sonra nazir parlamentarilərin suallarını cavablandırıb. Məmmədyarov ölkədə internet istifadəçilərinə hər hansı məhdudiyyətlərin qoyulmadığını və internet istifadəsi ilə bağlı qadağaların olmdığını bildirib. XİN rəhbəri əhalinin 70 faizinin internetdən istifadə etdiyini bildirib və bu sferada hər hansı problem olmadığını əlavə edib. Növbəti sual Dağlıq Qarabağ problemi ilə bağlı olub və Rusiyanın orada öz qoşunlarını yerləşdirməsinin nə qədər həqiqətə uyğun olub-olmaması sual edilib. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün pozulduğunu deyən nazir danışıqlar prosesində inkişaf olmadığını vurğulayıb: “Biz deyə bilmərik ki, inkişaf var, çünki torpaqlarımız işğal altında qalmağa davam edir. Həmsədrlərlə birgə “addım” rejimində hərəkət edirik. Erməni ordusu işğal edilmiş torpaqlardan tamamilə çıxarılmalıdır”. Ölkədə QHT rəhbərlərinin həbsinin narahatlıq doğurması ilə bağlı ona ünvanlanan sualı  cavablandıran Məmmədyarov bildirib ki, onların fəaliyyəti tələb olunan kimi şəffaf deyil. Bundan başqa, deputat nədən müstəqil QHT-lər vergi yoxlamasından keçdiyi halda, Heydər Əliyev Fondunun bu yoxlamalardan kənar qaldığını soruşub. Nazir Azərbaycanda yüksək tolerantlıq olduğunu vurğulayıb: “Əgər şəffaflıq olarsa, heç bir problem olmayacaq. Bizdə tolerantlıq çox yüksəkdir. Müxalifət qəzetləri mənim şəxsi həyatım, fəaliyyətimlə bağlı çox sərt yazılar dərc edirlər. Məncə, hər kəs bərabər olmalıdır. QHT-lər lazımi qədər şəffaf deyillər. Burada hər hansı toxunulmazlıqdan söhbət gedə bilməz”.Azərbaycanda siyasi məhbuslarla bağlı suala isə nazir “Azərbaycanda siyasi məhbus yoxdur, bu baxımdan sual da fərziyyədir” deyərək əlavə şərh verməkdən imtina edib.(qafqazinfo)