Səlim Müslümovdan işəgötürənlərə ciddi xəbərdarlıq

2014-cü ilin 1 oktyabrınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sistemində (EİS) 1 milyon 276 mindən çox əmək müqaviləsi bildirişləri qeydiyyatdan keçib
Nazirlik bəyan edib ki, əldə olunan məlumatlar bütün əmək müqavilələrinin heç də hamısının EİS-də qeydiyyatdan keçirilmədiyini göstərir."Eyni zamanda, bir çox işəgötürənlərin əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd etdikləri və müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilmədikləri EİS-də qeydə alınıb. Belə işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün yardım etmək nəzərdə tutulur. Bununla belə, əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsinə biganə yanaşan, bu islahat tədbirində iştirakdan yayınan, xüsusən də EİS işə salındıqdan sonrakı dövrdə əmək fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərini sistemə daxil etməyən işəgötürənlərə qarşı qanunauyğun şəkildə ciddi cəza tədbirləri görüləcək”.Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda ("xeyli” sayda dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.(mia.az)