Qətər Xarici İşlər Nazirliyi: Qəzzada atəşkəs iki gün uzadılıb

Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında atəşkəsin uzadıldığını təsdiqləyib...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi Fələstinin HƏMAS radikal hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəsin uzadılmasına dair razılığın əldə edildiyini təsdiqləyib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari X sosial şəbəkəsində “Qətər Dövləti davam edən vasitəçilik missiyasının bir hissəsi olaraq Qəzza zolağında humanitar atəşkəsin iki gün müddətinə uzadılmasına dair razılığın əldə edildiyini elan edir”, deyə yazıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) və HƏMAS atəşkəsin uzadıldığını açıqlamışdı. Lakin İsrail atəşkəsin bir gün uzadıldığını açıqlayıb.

Xatırladaq ki, Qəzzada döyüşlərə humanitar fasilə verilməsi noyabrın 24-də başlayıb. Razılaşmanın birinci mərhələsi dörd günlük atəşkəs və Qəzzada saxlanılan 50 məhbusun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli məhbusla dəyişdirilməsini əhatə edirdi.

Noyabrın 27-dən etibarən girovların azad edilməsi üçün şəraitin təmin edilməsi üçün fasilə daha iki gün uzadılıb.

Poliqon.info