Litva Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamayacaq

Litva Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanmasında Finlandiyanın addımlarını izləməyə ehtiyac görmür...

Poliqon xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib.

Bilotaite qeyd edib ki, Litvanın Rusiya ilə sərhəddəki bütün sərhəd keçid məntəqələrini bağlamaq qərarına gələn Finlandiyanı dəstəkləyir.

“Hələlik biz regional həllə ehtiyac görmürük. Litvanın sərhədləri hələ də sakitdir. Bizim aydın təhdid göstəricilərimiz var, ona uyğun hərəkət edəcəyik. Biz vəziyyəti izləyirik və dəyişiklik olarsa, reaksiya verəcəyik”, deyə ELTA Agentliyi nazirdən sitat gətirir.

Çərşənbə axşamı Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb ki, noyabrın 30-da gecə yarısı Rusiya Federasiyası ilə sərhəddə yerləşən Raia-Jooseppi-Lotta sonuncu əməliyyat-keçid məntəqəsi bağlanacaq. Bütün keçid məntəqələri dekabrın 13-dək fəaliyyətini dayandıracaq və beynəlxalq müdafiə üçün müraciət edənlərin müraciətlərinin qəbulu hava və dəniz limanlarında cavablandırılacaq.

Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanenin sözlərinə görə, qərar ölkənin milli təhlükəsizliyini qorumaq üçün qəbul edilib.​Poliqon.info