Kadırovun 16 yaşlı oğlu Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov Şeyx Mənsur batalyonunun kuratoru vəzifəsinə təyin edilib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov özünün Telegram kanalında yazıb.

Qeyd edək ki, bu batalyon Rusiya Müdafiə Nazirliyinin tərkibindədir. Parlamentari eyni zamanda vurğulayıb ki, 16 yaşlı Adam Kadırovun kurator vəzifəsinə təyin olunması onun əldə etdiyi nailiyyətlərin və xidmətlərinin “təbii nəticəsidir”.

“Adam kiçik yaşlarından məqsədyönlü olub və həmişə məqsədlərinə çatır. O, enerjili, cəsarətli, iradəli və məsuliyyətli gəncdir, gənc nəslin layiqli nümayəndəsidir”, deyə deputat əlavə edib.

Adam Delimxanov bildirib ki, noyabrın 28-də Çeçenistan rəhbərinin oğlu rəsmən batalyonun şəxsi heyətinə təqdim olunub. Tədbir zamanı Adam Kadırov Şeyx Mənsur batalyonunun 2 nömrəli ulduzunu da qəbul edib.

Adam Delimxanov bir nömrəli ulduzun birbaşa Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus olduğuna aydınlıq gətirib. Eyni zamanda, o, bölmə üzvlərinin döyüş tapşırıqlarını tez yerinə yetirməyə və Rusiyanı effektiv müdafiə etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Adam Kadırovun 16 yaşı var.

Poliqon.info