Dmitri Kuleba Ukraynanın müttəfiqlərini fil sürüsünə bənzədib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb müttəfiqlərini Kiyevi “özlərinki" hesab edərək müdafiə edən “fil sürüsü” adlandırıb...

Poliqon xəbər verir ki, Ukraynanın xarici işlər naziri bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell ilə keçirdiyi mətbuat konfransında bildirib. Kulebanın fikrincə, fillər həmişə bir-birini qoruyan çox müdrik və şəfqətli heyvanlardır.

Dmitri Kuleba həmçinin bildirib ki, bütün “düzgün fillər” Ukraynanın tərəfindədir və Kiyev onların müdafiəsinə töhfə verəcəyi qədər, onlar da onu müdafiə edəcəklər.

Ukraynanın XİN başçısı qeyd edib ki, Rusiya ilə danışıqlara başlamaq məsələsində Qərb tərəfdaşları tərəfindən təzyiq hiss etmir.

Bundan əvvəl Dmitri Kuleba Rusiyaya görə Makedoniyada ATƏT-in iclasını boykot etdiyini açıqlamışdı. O, Şimali Makedoniyada ATƏT-in nazirlərinin görüşünə getməyəcək. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenkonun sözlərinə görə, bu qərar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirakı ilə bağlıdır.

Poliqon.info