İsrail atəşkəsi pozmaqda ittiham edilib

İsrail əsgərləri atəşkəsi pozaraq Qəzzada atəş açıblar...

Qəzza zolağında atəşkəsin daha iki gün uzadılmasına dair razılaşmaya baxmayaraq, anklavda atışma və partlayış səsləri eşidilir.

Poliqon xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qəzza şəhərinin qərbində atışma və partlayış səsləri eşidilib. Telekanal qeyd edir ki, təfərrüatlar verilmir.

Yerli mediaya istinadən “Al Arabiya” həmçinin İsrail qüvvələrinin Qəzza zolağının cənubunda Xan Yunis və Rəfahın şərqində atəş açdığını iddia edib.

Telekanalın müxbiri bildirib ki, bu, atəşkəsin pozulmasının ilk sübutudur. Onun sözlərinə görə, İsrail qüvvələri tüstüdən əlavə, Qəzza zolağının şimalındakı Çimərlik düşərgəsində və Şeyx Radvan bölgəsində atəş açıb.

Qeyd edək ki, noyabrın 28-də Qəzza zolağında İsrail ilə Fələstinin Həmas hərəkatı arasında noyabrın 30-dək uzadılan humanitar atəşkəs qüvvəyə minib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant qısa bir atəşkəsdən sonra Qəzzada əməliyyatın ən azı iki ay davam edəcəyini bildirmişdi.

Poliqon.info