Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

"Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi apardıq".

Poliqon xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib.

O bildirib ki, həmçinin görüş zamanı üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyəti qeyd olunub: "Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək. Onu da qeyd edim ki, 2024- cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır".

Poliqon.info