KTMT Ermənistanın təşkilatdan çıxmayacağına inanır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müttəfiqi olub və müttəfiqi olaraq qalır...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə açıqlamasında qurumun Baş katibi İmanqali Tasmaqambetov KTMT-nin Minskdə keçirilən sammitində Ermənistan ali rəhbərliyinin iştirak etməməsini şərh edərkən bildirib.

Rəsminin sözlərinə görə, Minskdəki sessiyada İrəvanın iştirak etməməsinə görə hər hansı qəti nəticə çıxarmağın mənası yoxdur.

“Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin olmaması-red.) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və olaraq qalır. Fikrimcə, bu, hər şeyi deyir”, deyə Baş katib bildirib.

Bundan əvvəl Kreml bəyan etmişdi ki, KTMT aktual olaraq qalır və bütün ölkələr bu bloku daha da gücləndirmək və inkişaf etdirmək zərurətində həmrəydir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva erməni dostlarının tezliklə təşkilatda geniş iştirakını bərpa edəcəyinə ümid edir.

Poliqon.info