İlon Mask İsrail prezidenti ilə görüşəcək

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask İsrail prezidenti İsaak Hersoqla və qohumları Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan israillilərlə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə İsrail prezidentinin ofisi bazar günü axşam məlumat yayıb.

“Görüşdə prezident Hersoq internetdə artan antisemitizmlə mübarizə aparmaq üçün fəaliyyətin zəruriliyini vurğulayacaq”, deyə məlumatda qeyd olunur.

Maskın səfəri Qəzza zolağında 4 günlük atəşkəsə təsadüf edir. Qeyd edək ki, bu müddət ərzində 240 israilli girovdan 40-ı azad edilib.

İsrailin 12-ci kanalı Maskın bazar ertəsi Baş nazir Benyamin Netanyahu ilə də görüşəcəyini bildirib.

Xatırladaq ki, Netanyahu sentyabrın 18-də Kaliforniyada Maskla görüşüb və onu X-də antisemit məzmunla bağlı həftələrlə davam edən mübahisələrdən sonra azad sözü qorumaq və nifrət emosiyaları ilə mübarizə arasında balans tapmağa çağırıb.

Mask isə cavabında bildirib ki, o, antisemitizmə, o cümlədən nifrət və münaqişəni təşviq edən hər şeyə qarşıdır və X-nin nifrət təbliğ etməyəcəyi barədə əvvəlki ifadələrini təkrarlayıb.

Poliqon.info