Moskva və Ankara qaz qovşağı layihəsi ilə bağlı prinsipial razılıq əldə ediblər

Ankara 2023-cü ilin sonuna qədər qaz qovşağının yaradılması ilə bağlı aydınlıq gözləyir...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi bazar ertəsi, Ankaradakı mənbəyə istinadən məlumat yayıb. Məlumatda bildirilıir ki, Moskva və Ankara Türkiyədə qaz qovşağı layihəsinin yol xəritəsi ilə bağlı mühüm razılıq əldə ediblər. Nəzərdə tutulan layihənin icra mərhələləri ilə bağlı dəqiqləşdirmə 2023-cü ilin sonuna qədər gözlənilir.

Mənbə qeyd edib ki, tərəflər yol xəritəsi ilə bağlı müzakirələrin yekun mərhələsinə gəliblər. Qeyd edilir ki, Türkiyə tərəfi rusiyalı tərəfdaşlarıyla dialoqda fundamental razılaşmalar əldə edib.

“İlin sonuna qədər layihənin həyata keçirilməsində hansı konkret addımları atmalı olacağımızı biləcəyimiz ehtimalı var”, deyə mənbə Agentliyə bildirib.

Xatırladaq ki, 2022-ci ilin payızında Rusiya prezidenti Türkiyədə Avropa ölkələri üçün qaz qovşağı yaratmağı təklif edib. Rusiya liderinin sözlərinə görə, qovşaqdan istifadə etməklə “Şimal axını” ilə itirilmiş tranzit həcmini Qara dəniz regionuna yönləndirmək mümkün olacaq. Daha sonra Soçidə Türkiyə prezidenti ilə görüşündə Rusiya dövlət başçısı qaz qovşağının yaradılması ilə bağlı danışıqların tezliklə başa çatacağını gözlədiyini vurğulayıb.

Poliqon.info