AYNA-dan “Rahat” marketin qanunsuz təşkil etdiyi parklanma yeri ilə bağlı açıqlama: Yolverilməzdir

“ANC group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Rahat” marketin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana 112 (BNAİE Maşınqayırma /Yod Zavodu) yaxınlığında yerləşən filialının qarşısında parklanma yerinin təşkil olunması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) hər hansı bir müraciət daxil olmayıb.

Bu barədə Pravda.az saytının sorğusuna cavab olaraq AYNA-dan bildirilib.

“Piyada səkisinə aid sahədə parklanma yerinin təşkil olunması yolverilməzdir. Bu cür hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır, piyadaların hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir. Səki sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tərəfimizdən müvafiq dövlət qurumları ilə birgə zəruri tədbirlər görüləcək”, - açıqlamada qeyd olunub.

Poliqon.info