TƏBİB: Bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva bu barədə açıqlama verib...

"Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir".

Poliqon xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

“Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir”.

Yaqut Qarayeva deyib ki, Hepatit A virusuna qarşı vaksin var və təhlükəsizdir. O bildirib ki, bu virus iki dəfə vurulur:

“Burada önəmli məsələ odur ki, Azərbaycanda hepatit A virusu peyvənd cədvəlinə daxil deyil. Bu peyvənd ehtiyac olduğu halda vurulur. Məsələn, hansısa vətəndaşımız sanitar-gigiyena baxımdan vəziyyətin yaxşı olmadığı ölkəyə səyahət edərsə və ya iş sahələrindən asılı olaraq vurdura bilər. Həkimlər tərəfindən də vaksin vurudurulması tövsiyə edilir”.

“Peyvənd istehsalçısından asılı olaraq 1 və ya 3 yaşdan sonra vurdular bilər. Hər bir dərman vasitəsi kimi hepatit A virusuna qarşı vurulan peyvəndin də əks təsirləri ola bilər. Lakin çox geniş yayılmış və ədəbiyyatlarda qeyd edilən əks təsirləri yoxdur”, - deyə o qeyd edib.

Poliqon.info