HƏMAS lideri İsraillə atəşkəsi siyasi qələbə adlandırıb

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsraillə atəşkəsi siyasi qələbə adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə ISNA Agentliyi məlumat yayıb.

“Atəşkəs müqavimət qüvvələrinin quruda əldə etdiyi uğurun nəticəsi olaraq əldə edilmiş siyasi qələbədir”, deyə İsmayıl Haniyə vurğulayıb.

Bu arada İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının üzərinə vərəqələr ataraq sakinləri şimal anklavını tərk etməyə və ora qayıtmamağa çağırıb. Bu barədə isə “Times of Israel” qəzeti yazır.

Qeyd edək ki, noyabrın 24-də yerli vaxtla saat 07:00-da İsrail ordusu ilə Qəzza zolağında hökmranlıq edən Fələstinin radikal HƏMAS hərəkatı arasında dörd günlük atəşkəs başlayıb. Atılan vərəqələrdə İDF müvəqqəti atəşkəsə baxmayaraq, Qəzza zolağının şimalının hərbi zona olaraq qalması barədə xəbərdarlıq edib.

Noyabrın 22-də İsrail və HƏMAS Qətərin vasitəçiliyi ilə girov və məhbusların mübadiləsi üçün döyüş əməliyyatlarının dörd günlük dayandırılması barədə razılığa gəliblər. Razılaşmanın birinci mərhələsi Qəzzada saxlanılan 50 məhbusun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli məhbusa dəyişdirilməsini nəzərdə tutur. İkinci mərhələdə əlavə şəxslərin buraxılması mümkündür. Azad edilən hər 10 girov üçün atəşkəs bir gün uzadılacaq.

Poliqon.info