Bakıda yapon rəssamların sərgisi açıldı

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Rusiyanın Dövlət Şərq Muzeyi kolleksiyasından “Yapon ukiyo-e qravürasında Yaponiyanın Edo dövründəki (1603-1868-ci illər) həyatı” adlı sərgi açılıb
Sərgidə müxtəlif yapon qravüra janrının təmsilçilərindən - Kiyomitsu, Kiyenaqa, Kunimasa, Syaraku, Masanobu, Hokusai, Toyoxaru, Utamaro, Hirosiqe, Hokusai və Eysinin əsərləri nümayiş olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son günlər ölkəmizdə yapon mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən söz açıb. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən, belə mədəni tədbirlərin xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsindəki rolundan danışıb. Moskva Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sevdloviç Dövlət Şərq Muzeyinin klassik yapon ukiyo-e qravürası kolleksiyasında XVIII əsrin sonu XIX əsrin ortalarında Yaponiyanın gündəlik həyatını əks etdirən iki mindən artıq qravüra saxlandığını və bu gün sərgidə bunların bir qisminin nümayiş etdirildiyini vurğulayıb. Sərginin əlaqələndiricisi Anna Puşakova ağac üzərindəki qravüra texnikasının eramızdan əvvəl VIII əsrə aid olduğunu və Yaponiyada 1700-1930-cu illərdə daha çox inkişaf etdiyini bildirib. Sərgi tamaşaçılarda böyük maraq doğurub.