Baydenin ətrafı yıxılma riskini azaltmaq üçün ayaqqabılarını dəyişdirmək istəyir

ABŞ prezidenti Co Baydenin ətrafı hesab edir ki, o, yıxılma riskini azaltmaq üçün daha rahat ayaqqabı geyinməlidir...

Poliqon xəbər verir ki, bu iddia ilə Politico nəşri çıxış edib. Nəşrin məlumatına görə, noyabrın 20-də 81 yaşı tamam olan Amerika liderinin yaşı hətta ailə üzvlərini də narahat edir.

Politico yazır ki, prezidentin ətrafındakılar Baydenin kameralar önündə daha az hərəkət etməsinin mümkünlüyünü müzakirə edirlər. Müzakirələr sonucunda gəlinən qənaətə görə, Baydenin yerişinin “daha az sərt” görünməsi və “yıxılma riskinin” azaldılması üçün daha rahat ayaqqabı geyinməsi tələb olunacaq.

Qeyd edək ki, bundan əvvəl Politico yazıb ki, ABŞ prezidenti yıxılma ehtimalını azaltmaq üçün təyyarəyə minərkən getdikcə daha çox qısa qatlanan nərdivandan istifadə edilməsi nəzərdə tutulur. Sentyabrın sonunda “Axios” informasiya portalı məlumat yayıb ki, prezident sürüşməmək üçün tennis ayaqqabısı geyinməyə başlayıb.

Poliqon.info