Hacıqabulda dəhşətli qəzanın təfərrüatı: Maşın aşaraq 40 metr sürüşdü, iki uşaq öldü - Yenilənib, Foto, Video

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar məktəblilər olub...

Ötən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır avtomobil qəzasının təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü ilə əlaqədar 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu “Toyota Pirius” markalı avtomobilinə əyləşdirərək yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış.

Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə “Toyota Prius” aşmış halda 40 metr məsafəyədək sürüşüb.

Sürücünün oğlu Əliyar, eləcə də doğum günü olan Məhəmməd hadisə yerində ölüb.

Doqquz yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Hacıqabulun Abdulabad kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.

“Report”un məlumatına görə, xəsarət alan üç nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.Qeyd edək ki, bundan öncə Hacıqabulda avtomobilin aşması nəticəsində bir nəfərin öldüyü, üç nəfərin yaralandığı açıqlanmışdı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

***

APA xəbər verir ki, Rəfail Şirəliyevun idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.

Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

Poliqon.info