Polşa prezidenti hökuməti müxalifətə verməyəcək

Polşa prezidenti Andjey Duda bildirib ki, müxalifət nümayəndələri onu hökumətin qurulmasını onlara həvalə etməyə razı sala bilməzlər...

Poliqon xəbər verir ki, bu barədə Polşa prezidenti "Tygodnik Sieci" nəşrinə müsahibəsində bildirib.

"Konstitusiyaya uyğun olaraq, bütün prezidentlər, o cümlədən mənim sələflərim - Kvasnevski, Kaçinski və Komorovski hökuməti formalaşdırmaq hüququnu həmişə qalib siyasi partiyaya həvalə ediblər. Bu il Qanun və Ədalət Partiyası seçkilərdə qalib gəlib. Donald Tusk mənim baş nazirliyə namizədim deyil", deyə prezident bildirib.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası qalib gəlib. O, 35,4% səs toplayıb, lakin parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nü qazanıb. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yer əldə edib. Millətçi və Avroskeptik Konfederasiya partiyası Seymdə 18 yer tutacaq, Amma onlar digər fraksiyalarla koalisiyaya girmək istəmir.

Noyabrın 13-də Polşa prezidenti Anjey Duda baş nazir Mateuş Moravetskinin istefasını qəbul edərək onu dərhal yeni hökumət başçısı təyin edib. Respublika rəhbəri ona nazirlər kabinetini formalaşdırmağı tapşırıb.

Poliqon.info