Kadırovun 15 yaşlı oğlu Rusiyanın “Əmək Şücaəti” ordeni ilə təltif edilib

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Rusiyanın “Əmək şücaəti” ordeni və 1-ci dərəcəli “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalı ilə təltif edilib...

Poliqon xəbər verir ki, bu barədə Çeçenistanın Xarici Əlaqələr, Mətbuat və İnformasiya üzrə milli siyasət naziri Əhməd Dudayev öz telegram kanalında məlumat verib.

Dudayev qeyd edib ki, “Rusiyanın Əmək Şücaəti” Ümumrusiya ictimai təşkilatının nümayəndələri tərəfindən təşkil olunan tədbir Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində keçirilib.

“Mərasimdə Çeçenistan Respublikasının Birinci Prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırovun nəvəsi, Çeçenistan Respublikasının rəhbərinin təhlükəsizlik şöbəsinin müdiri, əziz QARDAŞ Adam Ramzanoviç Kadırov “Əmək Şücaəti” ordeni və 1-ci dərəcəli "Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalı ilə təltif edilib. Xüsusi Təyinatlı Qüvvələr Universitetinin müəllimləri də mükafatlara layiq görülüblər”, deyə Əhməd Dudayev yazıb.

Qeyd edək ki, on beş yaşlı Adam Kadırov noyabrın əvvəlində Çeçenistan rəhbərinin təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinin icrasına başlayıb. Adam Kadırov həmçinin “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb.

Poliqon.info