Türkiyə 2,5 milyard dollara aldığı S-400-dən istifadə etməyə hazır olduğunu açıqlayıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​lazım gələrsə, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazır olduqlarınl bildirib...

Poliqon-nun "CNN Türk"ə istinadən məlumatına görə, nazir qeyd edib ki, bu komplekslər alındıqdan sonra "boş oturmayacaq", lazım gələrsə, istifadə olunacaq.

Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin 4 diviziyasını 2,5 milyard dollara alıb. 2019-cu ilin oktyabrında bu komplekslərin tədarükü üzrə müqavilənin başa çatdığı elan edilib.

O zaman Türkiyənin S-400 imkanlarına bənzər hava hücumundan müdafiə sistemləri yox idi. Ötən ilin avqustunda Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev Türkiyəyə ikinci S-400 alayının tədarükü ilə bağlı müqavilənin imzalandığını və onun ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılmasını nəzərdə tutduğunu açıqlamışdı.

S-400 "Triumph" Rusiyanın zenit-raket kompleksidir (SAM). Bunlar uzun və orta mənzilli zenit-raket kompleksidir. 28 aprel 2007-ci ildə istifadəyə verilib. "Triumph" ixrac versiyasının adıdır.

Poliqon.info