İsrail ordusu Qəzzada quru əməliyyatın yeni mərhələsini elan edib

İsrailin müdafiə naziri Yoav Qalant Qəzza şəhərinin qərb hissəsində əməliyyatın başa çatdığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə İsrailin Walla Agentliyi məlumat yayıb. Qalantın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (İDF) quru əməliyyatının yeni mərhələsinə keçir. Lakin İsrailin müdafiə naziri bu mərhələnin nədən ibarət olduğunu dəqiqləşdirməyib.

“Biz Qəzza şəhərinin bütün qərb hissəsinin işğalını və təmizlənməsini başa çatdırdıq, növbəti mərhələ başladı. Hərbiçilərimiz çox güclü və hərtərəfli kəşfiyyatın müşayiəti ilə hava, dəniz və quru qüvvələri arasında çox yüksək koordinasiyada, aydın, qətiyyətlə hərəkət edir”, deyə Qalant Qəzza zolağındakı “Əl Şifa” xəstəxanasında əməliyyatda iştirak edən İsrail ordusunun 36-cı diviziyasının qərargahına səfəri zamanı deyib.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı oktyabrın 27-də başlayıb. Noyabrın 2-də İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin tam mühasirəyə alındığını elan edib. Noyabrın 8-də İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, Həmas Qəzzanın şimalına nəzarəti itirib. Fələstinin son məlumatlarına görə, Qəzza zolağında həyatının itirən mülki vətəndaşların sayı 11 mini keçib.

Poliqon.info