Polşada Almaniya və Rusiyadan təzminatlarla bağlı parlament qrupu yaranıb

Polşa Seymində İkinci Dünya Müharibəsinə görə Almaniyadan və Rusiyadan təzminat və dəymiş ziyanla məşğul olacaq parlament qrupları yaradılıb...

Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik İkinci Dünya Müharibəsinə görə Almaniyadan təzminat və dəymiş ziyanla məşğul olacaq, həmçinin Rusiyadan Polşa tərəfinə ödəniləcək kompensasiyanın məbləğini qiymətləndirəcək kompensasiyalar üzrə parlament qrupunun yaradıldığını açıqlayıb.

Poliqon xəbər verir ki, nazir bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Seymin 14 sentyabr 2022-ci il tarixli qərarına uyğun olaraq, biz Almaniyadan Polşaya ödəniləcək kompensasiyalar və dəymiş ziyanın qarşılanması, həmçinin Rusiyadan Polşaya ödəniləcək kompensasiyanın məbləğinin qiymətləndirilməsi üzrə parlament qrupu yaratdıq”, deyə Mularçik bildirib.

Xarici işlər nazirinin müavini qeyd edib ki, bu qrupa Hüquq və Ədalət Partiyasının rəhbəri Yaroslav Kaçinski də daxildir.

Polşa tərəfi Almaniyadan İkinci Dünya Müharibəsinin nəticələrinə görə təzminat kimi təxminən 1,5 trilyon dollar tələb edir. Varşavanın ötən əsrin 50-ci illərində imzalanmış təzminatlardan rəsmi imtinası indiki hakimiyyət tərəfindən etibarsız hesab edilir. Polşa hakimiyyətinin fikrincə, bu sənəd Sovet İttifaqı tərəfindən irəli sürülüb və bundan başqa, o, artıq mövcud olmayan dövlətlərə - ADR və Polşa Xalq Respublikasına aiddir. Eyni zamanda Almaniya dəfələrlə qeyd edib ki, Varşavaya heç nə ödəmək fikrində deyil.

Həmçinin Almaniyadan təzminat ödədikdən sonra Polşa Rusiyadan ödənişlər istəməyə başlaya bilər. Bunu Polşa prezidentinin ofisinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç deyib.

Poliqon.info