Rusiya XİN Moldovanı qaz sazişlərini yerinə yetirməməkdə ittiham edib

Moldova hakimiyyəti “Qazprom"la 2021-ci ildə müzakirə edilən bir dənə də olsun razılaşmanı yerinə yetirməyib...

Poliqon xəbər verir ki, bunu “RİA Novosti"yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Rusiya XİN rəsmisinin sözlərinə görə, 2021-ci ilin oktyabrında Rusiya şirkəti ilə Moldova baş nazirinin müavini Andrey Spinu arasında danışıqlar aparılıb. Sonra “Qazprom” Kişinyovun bütün təkliflərini qəbul edib və qaz sənayesində münasibətlər sahəsində Moldovanın maraqlarını nəzərə almağa hazır olduğunu bildirib.

Lakin 2023-cü ilin sentyabrında Moldova Energetika Nazirliyi respublika orqanlarının heç bir borcunun olmadığını bildirən hesabat təqdim edib. Qaluzin qeyd edib ki, bu, beynəlxalq standartlara və auditin müstəqilliyinə dair tələblərə uyğun gəlmir. Onun sözlərinə görə, orada olan nəticələr sənədlər və beynəlxalq arbitraj tərəfindən təsdiq edilmiş borcun məbləğinə təsir göstərə bilməz.

Qaluzin qeyd edib ki, Moldova prezidenti Maya Sandunun bu məsələ ilə bağlı fikri heç nəyi dəyişmir. Dövlət başçısı bildirib ki, “Qazprom”un respublikanın tarixi qaz borcunun auditinin nəticələrini tanımaq istəməməsi bu Rusiya şirkətinin həll etməli olduğu problemdir.

Bundan əvvəl Moldovanın energetika naziri Viktor Parlikov bildirmişdi ki, respublika artıq “Qazprom”dan qaz almaq niyyətində deyil. Rəsminin sözlərinə görə, ölkə özünü Avropa bazarına yönləndirib və hətta orada daha sərfəli təklif də tapıb.

Poliqon.info