Gürcüstanın XİN rəhbəri Fransa silahlarından danışıb

İlya Darçiaşvili Fransanın zirehli texnikasının Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılması haqqında danışıb...

Poliqon xəbər verir ki, Gürcüstanın XİN rəhbəri bu barədə Birinci Kanala müsahibəsində bəhs edib.

“İstənilən ölkənin müdafiə qüvvəsinə malik olmaq hüququ var və beynəlxalq müqavilələrlə icazə verilən adi texnika və ya silahlara gəldikdə, istənilən ölkənin onları əldə etmək hüququ var”, deyə Gürcüstanın xarici işlər naziri İlya Daçiaşvili Fransanın zirehli texnikasının Gürcüstan ərazisi vasitəsilə Ermənistana tədarükü ilə bağlı sualı cavablandırarkən bildirib.

“Gürcüstanın mövqeyi hər iki ölkəyə ölkəmizin malik olduğu tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verməkdir. Buna görə də, bu məsələ ilə bağlı bizim cavabımız budur və bu məsələ ilə bağlı lazımsız eyhamlar yersizdir”, deyə Darçiaşvili müsahibəsində deyib.

Darçiaşvili həmçinin Tbilisinin “3+3” formatı ilə bağlı mövqeyini təkrarlayaraq bildirib ki, Gürcüstan bu layihədə iştirak etmir və gələcəkdə də iştirak etməyəcək. Eyni zamanda, nazir qeyd edib ki, Gürcüstanın qonşu dövlətlərlə - Türkiyə, Ermənistan və Azərbaycanla ikitərəfli formatda çox yaxşı, dostluq münasibətləri və əməkdaşlığı var.

Poliqon.info