Türkiyə İsrailə qarşı “diplomatik hücum”a başlayır

Türkiyə Qəzza zolağı ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək və İsrailin hücumlarını dayandırmaq üçün "diplomatik hücuma" başlayır.

Poliqon xəbər verir ki, bu barədə hökumətyönlü “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan "telefon diplomatiyası"nı sürətləndirəcək. Ankara Fələstinin 1967-ci il sərhədlərinə qaytarılmasında israr edir.

Nəşrin yazdığına görə, Türkiyə hakimiyyəti paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə Yaxın Şərqdə davamlı sülhün bərqərar edilməsini hədəfləyib.

“Bundan əlavə, Türkiyə daimi atəşkəsə nail olduqdan sonra “sülh masası”nı çağırmağa çalışacaq”, deyə məqalədə qeyd edilir.

Ötən həftə prezident Ərdoğan deyib ki, Qərb ölkələri Fələstin HƏMAS hərəkatı ilə sülh danışıqları aparmaq üçün İsrailə təsir göstərməlidir.

Poliqon.info