Rusiyanı beynəlxalq aviasiya domen zonasından ayırıblar

İsveçrənin mülki aviasiya xidmətləri şirkəti SITA Rusiyadan gələn hava nəqliyyatı şirkətlərinin idarə etdiyi beynəlxalq aviasiya yüksək səviyyəli “.aero” domen zonasına girişini əngəlləmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, noyabrın 10-da SITA Rusiya müştərilərinə bu zonada domenlərin qeydiyyatı və yenilənməsi xidmətlərini göstərməyi dayandırıb. Bununla belə, söhbət dərhal bağlanmaqdan getmir. Fəaliyyətdə olan domenlər bir il müddətində çalışacaq. Ekspertlər hesab edirlər ki, bu müddət milli zonalara keçmək üçün kifayət etməlidir.

LetSearch.ru xidmətinin məlumatına görə, Rusiyada .aero domen zonasında 200-dən çox sayt qeydiyyatdan keçib. Domendən 30-a yaxın hava limanı (Şeremetyevo, Jukovski, Krasnoyarsk və Kazan hava limanları, Regionların Hava Limanları, “Aerodinamika” və s. holdinqlər) və Rusiyanın 15 aviaşirkəti istifadə edir.

Poliqon.info