İsrailin Qəzzadakı əməliyyatları nə qədər uzana bilər?

Artıq bir aydır ki, İsrail-HƏMAS müharibəsi davam edir...

Siyasi-şərhçi: “İndiyə qədər diqqətlər daha çox Rusiya-Ukrayna savaşına yönəlmişdisə, indi bu savaş arxa plana keçib və əsas diqqətlər Yaxın Şərqə yönəlib. Burada da niyyətinə çatan Rusiyadır”.

“Yaxın Şərqdə sülhün və təhlükəsizliyin əldə olunmasında dünya gücləri maraqlı deyil. İndiki savaşın da taleyi böyük ehtimalla Rusiya-Ukrayna savaşından daha çox asılı olacaq”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Qəzzadakı əməliyyatların uzana biləcəyi ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

İsrail-HƏMAS müharibəsi artıq bir aydır ki, davam edir. Bəzi liderlər hesab edirlər ki, bu müharibənin Yaxın Şərqdə dünya müharibəsini tətikləməsi ehtimalı çox böyükdür. Bəs, İsrailin Qəzzadakı əməliyyatları nə qədər uzana bilər və müharibədən sonrakı Yaxın Şərq indikindən nə qədər fərqlənəcək?

Yaxın Şərqdəki vəziyyəti Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Yaxın Şərqdə nə zaman müharibə bitsə belə, bu kövrək olacaq. Hər an alovlanma ehtimalı görünəcək”.

Qəzza bölgəsində bundan öncə də savaşların baş verdiyini xatırladan ekspert bildirib ki, sadəcə indikinin miqyası daha böyük görünür. Ona görə də, bəzən III dünya müharibəsinin savaş cəbhələrindən biri kimi həm də HƏMAS-İsrail savaşına baxılır:

“Günlər öncə bir müsahibəmdə qeyd etmişdim ki, HƏMAS-İsrail müharibəsi ilə bəlkə də, III dünya müharibəsi başlayıb, biz bilmirik. Dünyanın daha bir regionunda savaş cəbhəsi açılıb, bu danılmazdır. Özü də bu savaş cəbhəsində dünya gücləri daha çox sözlə də olsa bir-birilərinin üzərinə gəlirlər. Səhəri gün bunun savaş meydanına yansıya bilməyəcəyinə kimsə qarantiya verə bilməz.

İndiyə qədər diqqətlər daha çox Rusiya-Ukrayna savaşına yönəlmişdisə, indi bu savaş arxa plana keçib və əsas diqqətlər Yaxın Şərqə yönəlib. Burada da niyyətinə çatan Rusiyadır. HƏMAS-İsrail müharibəsi barədə demişəm, yenə də deyirəm, burada Rusiya izi görünür. Ukraynanın fonunda Qərb dünyaya bir müharibə “hədiyyə” etdi, Rusiya da Yaxın Şərqlə. Onu da deyim ki, Qəzza bölgəsində bundan öncə də savaşlar baş verib. Sadəcə indikinin miqyası daha böyük görünür. Ona görə də, bəzən III dünya müharibəsinin savaş cəbhələrindən biri kimi həm də HƏMAS-İsrail savaşına baxılır. Bu savaş nə zaman bitəcək sualı verilir. Bu savaş hələ bir müddət də davam edəcək.

Ümumilikdə isə, Yaxın Şərqdə sülhün və təhlükəsizliyin əldə olunmasında dünya gücləri maraqlı deyil. İndiki savaşın da taleyi böyük ehtimalla Rusiya-Ukrayna savaşından daha çox asılı olacaq. Çünki, hər iki müharibədə tərəflər dünyanın super gücləridir. Yaxın Şərqdə nə zaman müharibə bitsə belə, bu kövrək olacaq. Hər an alovlanma ehtimalı görünəcək. Zamanında orada iki dövlətin yaradılması barədə razılıq verənlərdən biri də o zaman dünyada söz sahibi olan liderlərdən biri Stalin olub. O, deyib ki, dövlətlərin yaradılmasına razılıq verdik, amma o regionda heç zaman barış olmayacaq”.

Nərminə UMUDLU Poliqon.info