Kamala Harris Qəzzaya yardımın çatdırılmasını müzakirə edib

ABŞ vitse-prezidenti Bəhreyn və BƏƏ nümayəndələri ilə Qəzzaya yardımın intensivləşdirilməsini müzakirə edib...

ABŞ-ın vitse-prezidenti Kamala Harris bazar ertəsi Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyinin nümayəndələri ilə telefonla Qəzza zolağının sakinlərinə humanitar yardımın tədarükünün artırılması ilə bağlı danışıb.

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatlarda deyilir.

Harris və Bəhreynin Baş naziri, vəliəhd şahzadə Salman bin Həməd bin İsa Əl-Xəlifə Qəzza zolağında mülki şəxslərə həyat qurtaran humanitar yardımın artırılması və davamlı şəkildə çatdırılmasına yardım etmək üçün ortaq öhdəliklərini ifadə ediblər.

“Vitse-prezident fələstinlilərin Qəzzadan məcburi köçürülməsinin qarşısının alınmasının vacib olduğunu açıq şəkildə bildirib, həmçinin vurğulayıb ki, israillilər və fələstinlilər təhlükəsizlik, firavanlıq və azadlıq baxımından bərabər səviyyədə olmalıdırlar. Vitse-prezident həmçinin çəkindirməni təmin etmək, regionda səyləri artırmaq üçün Yaxın Şərqdə ABŞ-ın mövqeyini gücləndirmək üçün atılan addımları müzakirə edib”, deyə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilir.

Harris, BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nahyan ilə söhbətində mülki əhalinin qorunmasının və beynəlxalq humanitar normalara hörmətin vacibliyini vurğulayıb. Onlar Qəzzadakı təcili humanitar böhranı və BƏƏ-nin bu yaxınlarda elan etdiyi təşəbbüslər də daxil olmaqla ehtiyacı olan mülki şəxslərə ərzaq, su və dərman tədarükünü artırmaq üçün davam edən səyləri müzakirə ediblər. Bundan əlavə, iki dövlətin nümayəndələri ABŞ-BƏƏ müdafiə tərəfdaşlığının gücləndirilməsi ilə bağlı məsələlərə toxunublar.

Poliqon.info