Hindistan XİN rəhbəri: Rusiyaya qarşı sanksiyalar yalnız Qərb üçün əlverişlidir

Hindistanın xarici işlər naziri Subramaniyam Caişankar bildirib ki, Qərb “bütün dünyanın Rusiyaya qarşı sanksiyalara razı olduğunu” iddia edir, lakin bu, belə deyil...

Poliqon xəbər verir ki, nazir bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib. Caişankarın sözlərinə görə, Qərb ölkələri “öz maraqlarının təhlükə altında olduğunu düşündükləri zaman” bu məhdudlaşdırıcı tədbirlərdən istifadə edirlər.

“Bu sanksiyalar mahiyyətcə inkişaf etmiş iqtisadiyyatların uzun illər ərzində yaradılmış mexanizmlərə, səlahiyyətlərə və alətlərə əsaslanan rıçaqlardır. Onlar bu rıçaqları özlərinə münasib olanda istifadə edirlər”, deyə nazir qeyd edib.

Cayşankarın fikrincə, Ukrayna və Yaxın Şərqdəki münaqişələrə Avropanın yanaşmasındakı fərq onunla izah olunur ki, keçmişdə dünyanın başqa yerlərində problemlər yarananda Avropa ölkələri bu məsələni həll etməyə ehtiyac duymurdular.

“Nə qədər ki, Avropa təhlükəsiz idi və heç bir şey Avropanın həyat tərzini təhdid etmirdi, onları başqalarının problemləri maraqlandırmırdı. Avropada nə isə baş verəndə Aİ ölkələri həmrəyliyin beynəlxalq ifadəsini tələb edir”, deyə Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə G20 blokuna sədrlik edən Hindistan Rusiyanın Ukraynadakı hərbi əməliyyatını açıq şəkildə pisləməkdən çəkindi. Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Hindistan Rusiyadan neft alışını artırıb. The Economic Times yazır ki, aprel-sentyabr aylarında Rusiya Hindistana neft tədarükünü iki dəfədən çox artırıb.

Poliqon.info