Blinkenin səfərindən sonra İraq və Suriyadakı Amerika bazalarına hücumlar başlayıb

ABŞ Dövlət Katibi Entoni Blinkenin İraqa səfərindən sonra İraq və Suriyadakı Amerika hərbi bazalarına hücum edilib...

Poliqon xəbər verir ki, bu barədə İraqın “Shafaq news” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, iraqlı şiə qruplaşmaları ABŞ-ın İraqın qərbində yerləşən Ayn əl-Əsəd və Suriya-İraq-İordaniya sərhədindəki Əl-Tənf bazalarına pilotsuz təyyarələrdən istifadə edərək hücuma cəhd edib. İki pilotsuz təyyarə gecə və səhər saatlarında Ənbar əyalətindəki Ayn əl-Əsəd bazasına hücum edib.

“Hər iki pilotsuz təyyarə silahlı qüvvələr tərəfindən vurulub”, deyə mənbə bildirib.

Daha bir pilotsuz uçuş aparatı Suriyada İraqla sərhədə yaxın Əl-Tanf hərbi bazasının ətrafına yönəldilib. Bu cihaz da vurulub.

Agentliyin mənbəsi vurğulayıb ki, hücumlar Blinkenin səfərindən və İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlarından sonra başlayıb. Blinken İraq tərəfindən Amerika hərbi mövcudluğu ilə bazaların mühafizəsini təmin etməyi tələb edib.

Bundan əvvəl Blinken bildirib ki, Vaşinqton Tehranla münaqişəyə can atmır və müharibə axtarmır, ancaq Yaxın Şərqdəki ABŞ vətəndaşlarını iranpərəst qrupların hərəkətlərindən qorumaq niyyətindədir.

Poliqon.info